Azərbaycan – Ermənistan Sülh Sazişinə Dair
Güney Azərbaycan Qurtuluş Partiyasının Bəyanatı
Böyük Azərbaycan Türk Millətinə,
30 illik həsrətdən, ağrıdan, mübarizədən və ədalətsizlikdən sonra, Azərbaycan Respublikasının rəşadətli Ordusu və xalqının iradəsi sayəsində ikinci Qarabağ savaşı ilə başlayan zəfər yürüşü bu gün tarixi bir məqamla taclanmışdır. İkinci Qarabağ savaşının ardından baş verən bu tarixi dönüş, nəinki Azərbaycanın, həm də bütün Türk dünyasının qürur mənbəyidir.
Dünən, ABŞ-da hər iki dövlət başçısının, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin iştirakı ilə imzalanan sülh sazişi, yalnız iki dövlət arasında deyil, bütün Türk Dünyası üçün yeni bir dövrün başlanğıcını müjdələyir və bölgədə sabitliyin və davamlı inkişafın təməlini qoyur. Bu anlaşma, illərlə davam edən gərginliyin diplomatik yolla həllinə doğru atılmış mühüm bir addımdır.
Güney Azərbaycan Qurtuluş Partiyası olaraq, bu müqəddəs yolda canını, qanını, gəncliyini və ümidlərini fəda edən bütün şəhidlərimizi dərin ehtiramla yad edirik. Qazilərimizə sonsuz minnətdarlığımızı bildirir, Azərbaycan Respublikasının dövlətinə, ordusuna və xalqına bu tarixi uğur münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq.
Günüy Azərbaycan Qurtuluş Partiyası olaraq bu sülh sazişini alqışlayır və yni zamanda, bu tarixi sazişin gerçəkləşməsində göstərdiyi təşəbbüs və vasitəçilik roluna görə ABŞ Prezidenti cənab Donald Trampa dərin təşəkkürümüzü bildiririk. Onun bu prosesə verdiyi dəstək, bölgədə sülhün və sabitliyin bərqərar olmasına mühüm töhfə olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmasını və qorunmasını təmin edən bu addımı yüksək qiymətləndiririk. Biz inanırıq ki, bu razılaşma yalnız siyasi deyil, həm də mənəvi bir zəfərdir. Türk millətinin birliyinə, gücünə və haqq yolunda mübarizəsinə verilmiş bir dəyərdir.
Biz inanırıq ki, bu sülh sazişi yalnız sərhədlərdə deyil, könüllərdə də qardaşlıq və əməkdaşlıq körpüləri quracaq, bu münasibətlə, başda Azərbaycan Türk Milləti olmaqla, bütün Türk dünyasını təbrik edir, Böyük Azərbaycan idealına gedən yolda mühüm bir mərhələ olacaqdır və bu yolda atılan hər addımda birliyimizin və qardaşlığımızın daha da möhkəmlənəcəyinə inanırıq.
Böyük Azərbaycan Türk Millətinin hər iki tayını bir-birinə bağlayan milli yaddaş və tarixi ədalət bu gün bir daha təsdiq olundu: Qarabağ Azərbaycandır və həmişə Azərbaycan olaraq qalacaqdır.
Uca Tanrı Böyük Azərbaycan Türk Millətini daim qorusun!
Qoy bu sülh, gələcək nəsillərə sabitlik, rifah və qürur gətirsin.
Qoy Böyük Azərbaycan ideyası gerçəyə çevrilsin.
Ən yüksək ehtiramla,
Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP)
Siyasi bölüm başqanı: BalaTürk
09.08.2025