Azərbaycanlılar Rza Bərahəninin Təbrizdə dəfn edilməsi üçün kampaniya başladılar
Kanadada dünyasını dəyişən tanınmış azərbaycanlı yazıçı Rza Bərahəninin Təbrizdə dəfn edilməsi məqsədilə sosial şəbəkə fəalları, azərbaycanlı yazıçılar, ziyalılar və mədəniyyət adamları imza kampaniyası başladıblar.
İnstaqramda azərbaycan.bildiri səhifəsi də həmin kampaniya üçün açılıb və bu kampaniya ilə razı olanlar bu tələbi yerinə yetirmək üçün şərh yazıb öz imzalarını qoymaqla yazıçının Təbrizdə dəfn edilməsi tələbini irəli sürmüş olurlar.
Həmin kampaniya ilə tanınmış azərbaycanlı yazıçı Rza Bərahəninin Təbrizdə dəfn edilməsi tələbinin aidiyyəti rəsmilərə çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, Kanadada yaşayan azərbaycanlı yazıçının oğlu Oktay Bərahəni sosial şəbəkələrdə atasının vəfatı barədə məlumat paylaşmışdı.
Oktay Bərahəni atasının uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyini bildirmişdi.
Güney Azərbaycanın Yazıçılar Birliyinin üzvü olan Rza Bərahəni, senzura və söz azadlığına qarşı qoyulan qadağalara etiraz etdiyi üçün Pəhləvi və molla rejiminin təzyiqləri ilə qarşılaşmışdı.
Bərahəni xatirələrində hələ Pəhləvi rejimi dövründən Azərbaycan türkcəsinə görə təzyiqlərlə qarşılaşdığını xatırladaraq yazırdı: “6 yaşımda birinci sinifdə oxuduğum vaxt türkcə inşa yazdığım üçün müəllim inşa yazdığı vərəqi zorla mənə yedirdi”.
Martın 25-də yazıçının oğlu Oktay sosial mediada paylaşım edərək, Kanadanın Toronto şəhərində dünyasını dəyişən atasının vəsiyyətinə əsasən onu Təbrizə aparmaq və orada dəfn etmək istədiklərini yazmışdı.