GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI ƏMƏKDAŞLIQ ŞURASININ FƏALİYYƏT PRİNSİPLƏRİ
ÖN YAZI
Orta Şərqdə baş verən yeni geosiyasi-geostrateji dəyişikliklər, on illərdir, İran coğrafiyasında, irticaçı, faşist, şovinist farsmehvərli rejimlər tərəfindən basdırılan və dünyanın görməzdən gəldiyi MİLLİ HƏRƏKATLAR gerçəyinin, artıq, basdırıla və görməzdən gəlinə bilməyəcək səviyyələrə çatdığının anlaşılmasına gətirib çıxarmışdır. Özəlliklə, bu coğrafiyanın ən böyük milli qrupu olan Azərbaycan millətinin və digər Türk toplum və topluluqlarının potensialını arxasına alan Azərbaycan milli hərəkatının, son on illərdəki müəzzəm yüksəlişi, digər millətlərin də hərəkatlarına örnək təşkil etməsinə vəsilə olmuşdur.
Bu gün Güney Azərbaycan milli hərəkatının ortaya qoyduğu hədəflər və səsləndirdiyi deviz-şüarlar, yalnız İranda yaşayan qeyri-fars millətlərə örnək olmaqla və mütərəqqi dünya ictimaiyyətinin diqqətini Azərbaycan milli hərəkatının hədəflərinə cəlb etməklə qalmamış, eyni zamanda, Güney Azərbaycan təşkilatlarının fəaliyyət prinsiplərinin və yol xəritəsinin təməl daşlarına çevrilmişdir. Elə buradan yola çıxaraq biz – Şuraya üzv olan və bu sənədi qəbul edən təşkilatlar bəyan edirik ki:
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası, öz fəaliyyətində milli hərəkatımızın amal və ideallarını, eləcə də millətimizin sarsılmaz iradəsini simvolizə edən “AZADLIQ, ƏDALƏT, MİLLİ HÖKUMƏT” şüarı-devizini rəhbər tutur və bu yüksək dəyərləri təmsil edir.
PRİNSİPLƏR:
- Milli İdeologiya və Hədəf:
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası Türk milli məfkurəsinin təməl prinsiplərinə və Azərbaycançılıq ilkəsinə söykənir. Güney Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığına inanır və uğrunda mübarizə apardığı amal və idealları tarixi və milli Güney Azərbaycan coğrafiyasında gerçəkləşdirməyi hədəfləyir. Eyni zamanda, Şura İranın fərqli bölgələrində yaşayan Türk toplum və topluluqlarının, o cümlədən Qaşqay Türkləri, Güney Türkmənistan, Xorasan Türkləri və s. müqəddəratına biganə qalmır, onların hüquq və azadlıqlarını müdafiə edir.
- Bərabərlik və Vətəndaşlıq Prinsipi:
Şura irqindən, dilindən, dinindən, cinsindən, siyasi və mədəni mənsubiyyətindən və s. asılı olmayaraq, Güney Azərbaycan əhalisini bölünməz bir bütün olaraq görür və bu coğrafiyada bərabər hüquqlu vətəndaş cəmiyyətinin qurulması uğrunda mübarizə aparır. Şura, Güney Azərbaycanda yaşayan bütün azlıqların (milli, dini, məzhəbi və s.) hüquqlarının müdafiəsi və təmini uğrunda mübarizə aparır.
- Milli Hakimiyyətin gerçəkləşdirilməsi:
Şura öz üzərinə götürdüyü vəzifələri həyata keçirmək məqsədilə Güney Azərbaycanda milli hakimiyyətinin gerçəkləşdirilməsi üçün dövlət quruculuğunu zəruri hesab edir və bu dövlətin quruluş formasının müəyyənləşdirilməsində yalnız Güney Azərbaycan əhalisinin istək və iradəsini əsas götürür.
- Demokratiya və Plüralizm:
Şura, cəmiyyət quruculuğunda demokratik dəyərlərin vaz keçilməz olduğuna inanır, siyasi plüralizm və fikir çeşidliliyini cəmiyyətin əvəzsiz zənginliyi kimi dəyərləndirir, Güney Azərbaycan coğrafiyasında hüququn üstünlüyünün təmin olunduğu çağdaş, sekular və demokratik bir cəmiyyətin qurulması uğrunda mübarizə aparır.
- Gender (cinsiyyət) Bərabərliyi:
Şura qadın və kişi arasında bərabərhüquqluluğun gerçəkləşdirilməsi uğrunda mübarizə aparır, qadın hüquq və azadlıqlarının hər hansı bir (mədəni, milli, siyasi, dini, məzhəbi və s. ) gərəkçə ilə məhdudlaşdırılmasına qəti şəkildə qarşı çıxır.
- Mübarizə formaları:
Şura zorakılıq və terroru qəti şəkildə rədd edir, sivil və mədəni mübarizəyə üstünlük verir. Eyni zamanda, Azərbaycan milli varlığının və Azərbaycan əhalisinin can və mal güvənliyinin və s. təhlükədə olduğu zəruri hallarda özünü müdafiə məqsədilə bütün legitim vasitələrdən istifadə etməyi məqbul sayır.
- Keçid Dövrünün idarəsi:
Şuranın başlıca hədəfi Güney Azərbaycan coğrafiyasında, yalnız milli iradənin hakim olduğu bir Güney Azərbaycan Dövlətini qurmaqdan ibarətdir. Eyni zamanda Şura, İran İslam Respublikası rejimindən keçid mərhələsində yarana biləcək qeyri-müəyyənlik və xaosun qarşısını almaq, unitar-mərkəziyyətçi yeni bir fars şovinist hakimiyyətinin formalaşmasına imkan verməmək və millətlərin öz müqəddəratını təyin etməsi sürəcini başlatmaq məqsədi ilə, Azərbaycan Türk millətinin minillik dövlətçilik təcrübə və ənənəsinə əsaslanaraq, keçid dövrünün idarəsinə, müstəqil alternativ kimi, talib olduğunu bəyan edir. Şura bu məsuliyyəti, bu coğrafiyada yaşayan digər qeyri-fars millətlər və xalqlarla birlikdə, ortaq mexanizmlər yaradaraq həyata keçirir. Bu haqda Şuranın Platformu yaxın gələcəkdə yayınlanacaqdır.
- Millətlərin Öz Müqəddəratını Təyin Etmə Haqqı:
Şura yalnız Azərbaycan millətinin deyil, İranda yaşayan digər millətlər və xalqların da , özəlliklə, Qaşqay Türkləri, Güney Türkmənistan, Xorasan Türkləri və digər Türk topluluqlarının, azad iradələri ilə öz talelərini müəyyən etmək hüququna hörmətlə yanaşır və bu hüququn demokratik əsaslarda reallaşması üçün gərəkli şəraitin yaradılmasını zəruri hesab edir.
- Şura adından müzakirələr, anlaşmalar, razılaşmalar, işbirlikləri və s. Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının qərarı əsasında gerçəkləşdirilir.
- Şura, üzv təşkilatların müstəqilliyi prinsipinə hörmətlə yanaşmaqla bərabər, yuxarıda yazılan prinsiplərin bütün üzv təşkilatlar üçün bağlayıcı olduğunu bəyan edir.
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası
- Azərbaycan Demokrat Firqəsi – ADF
- Azərbaycan Mərkəz Partiyası – AMP
- Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
- Azərbaycan Öyrənci Hərəkatı – AZOH
- Güney Azərbaycan Cümhuriyyət Partiyası – ACP
- Güney Azərbaycan Demokrat Partiyası – GADP
- Güney Azərbaycan İstiqlal Partiyası – GAİP
- Güney Azərbaycan Milli Dövlət Alyansı– MDA
- Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP