
İran İslam Respublikası rejimi ilə Amerika Birləşmiş Ştatları arasında davam edən hərbi qarşıdurma bölgəmizi yenidən ciddi təhlükələrlə üz-üzə qoyub. Münaqişənin genişlənmə ehtimalı Güney Azərbaycanın təhlükəsizliyi, millətimizin həyatı və bölgənin sabitliyi baxımından dərin narahatlıq doğurur. Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ) bir daha bəyan edir ki, bu savaş Güney Azərbaycan Türklərinin savaşı deyildir və millətimiz öz iradəsindən kənar yaranmış bu qarşıdurmanın tərəfi deyil. Azərbaycan Türk Milləti öz tarixi torpaqlarının istər İran İslam Respublikası rejimi, istərsə də hər hansı bir silahlı təşkilat tərəfindən hərbi məqsədlərlə istifadə edilməsini qəbul etmir. Güney Azərbaycanın raket, hərbi baza və ya silahlı əməliyyatlar üçün platformaya çevrilməsi xalqımızın iradəsinə ziddir və onun təhlükəsizliyini ciddi risk altına salır. Biz İranın faşist hakimiyyətinin bölgədə gərginliyi artıran və xüsusilə qonşu dövlətlərə, o cümlədən ərəb ölkələrinə qarşı həyata keçirdiyi yayılmacı siyasəti qətiyyətlə pisləyir və məhkum edirik.
GATƏŞ vurğulayır ki, bölgədə yaranmış mövcud təhlükəli vəziyyətin əsas səbəblərindən biri İran İslam Respublikası rejiminin uzun illər ərzində həyata keçirdiyi ideoloji, terroru dəstəkləyən və hərbiləşməyə əsaslanan xarici siyasətdir. Bu siyasət regionda davamlı gərginliklərin, silahlanma yarışının və silahlı qarşıdurmaların dərinləşməsinə səbəb olmuş, nəticədə bütün bölgə xalqlarının təhlükəsizliyini ciddi təhdid altına salmışdır. GATƏŞ İran İslam Respublikası rejiminin onilliklər boyu davam etdirdiyi müharibə yönümlü, yayilmacı və sabitliyi pozan siyasətini qəbuledilməz hesab edir. GATƏŞ hesab edir ki, regionda davamlı sülh və sabitliyin təmin olunmasının yeganə yolu dövlətlərin beynəlxalq hüquqa hörmət etməsi, zor gücünə əsaslanan xarici siyasətdən imtina etməsi, eləcə də xalqların, xüsusilə Güney Azərbaycan Türklərinin öz müqəddəratını təyin etmə və özünüidarəetmə hüquqlarının beynəlxalq hüququn norma və prinsipləri əsasında tanınması və təmin edilməsidir.
Mövcud şəraitdə müxtəlif hərbi senarilər müzakirə olunur. Bu ehtimallar fonunda Güney Azərbaycan ərazisinə müxtəlif silahlı qrupların daxil olması və burada fəaliyyət göstərməsi ilə bağlı qayğılar da mövcuddur. Bu baxımdan GATƏŞ açıq şəkildə bəyan edir ki, Güney Azərbaycan ərazisində xalqımızın təhlükəsizliyini, tarixi torpaqlarımızın bütövlüyünü və milli varlığımızı təhlükə altına alan hər hansı qanunsuz silahlı fəaliyyət qəbuledilməzdir. Belə əməllər onları həyata keçirənlərin kimliyindən asılı olmayaraq Azərbaycana qarşı yönəlmiş təhdid kimi qiymətləndiriləcək. Güney Azərbaycan ərazisində həyata keçiriləcək hər hansı qanunsuz silahlı fəaliyyət xalqımıza qarşı terror xarakterli əməl hesab olunacaq və xalqımızın təhlükəsizliyinə qarşı yönəlmiş ciddi təhdid kimi dəyərləndiriləcək. Azərbaycan Türkləri necə ki, İran İslam Respublikasının öz torpaqlarımızdan hərbi məqsədlərlə istifadə etməsini qəbul etmirlər, eyni şəkildə bölgədəki qeyri-dövlət silahlı qruplarının da Güney Azərbaycanda fəaliyyət göstərməsini qəbul etmirlər.
Millətimiz beynəlxalq hüququn tanıdığı qanuni özünümüdafiə hüququna malikdir və öz canını, malını, tarixi torpaqlarını və milli varlığını təhlükəyə atan hər hansı silahlı təhdidə qarşı bu hüquq çərçivəsində müdafiə olunmaq əzmindədir.
Bir daha vurğulayırıq ki, bu münaqişə xalqımıza aid və onun bir tərəfi deyildir. Xalqımız yalnız öz yurdunun təhlükəsizliyini, ərazi bütövlüyünü və milli iradəsini qorumağı əsas prinsip hesab edir. GATƏŞ bir daha bildirir ki, millətimiz İran rejiminin yaratdığı siyasi və milli ayrı-seçkilik siyasətinə qarşı uzun illərdir dinc və demokratik mübarizə aparır. Mübarizəmizin əsas məqsədi “Azadlıq, Ədalət və Milli Hökumət” prinsipləri əsasında xalqımızın azad iradəsinə söykənən demokratik milli hakimiyyətin qurulmasıdır. Güney Azərbaycanın taleyi yalnız və yalnız öz xalqının azad iradəsi ilə müəyyən edilə bilər.
Yaşasın “Azadlıq, Ədalət və Milli Hökumət” yolumuz!
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ)
2026/07/25

- Azərbaycan Demokrat Firqəsi (ADF)
- Azərbaycan Mərkəz Partiyası (AMP)
- Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
- Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
- Güney Azərbaycan Demokrat Partiyası (GADP)
- Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
- Güney Azərbaycan Milli Dövlət Alyansı (MDA)
- Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP)

