İran rejimi həbs etdiyi azərbaycanlı fəal Ruzbeh Piriyə imtahanlarına qatılmağa icazə verilmədi
İran rejiminin Təbrizdəki zindanında həbsdə saxlanılan azərbaycanlı milli-mədəni fəal Ruzbeh Piri magistratura mərhələsində təhsil almaq üçün imtahanlara qatıla bilməyib. Rejimin zindanının rəhbərliyi onun müvəqqəti məzuniyyətə buraxılmasına icazə verməyib.
Rejimin Təbrizdəki zindanın 15-ci bölməsində həbsdə saxlanılan Ruzbeh Piri həbs olunmamışdan iki həftə öncə hüquq sahəsində magistr imtahanlarında iştirak etmək üçün sənəd vermişdi.
Ruzbeh Piri həbs olunduqdan sonra əlaqədar qurumlara və zindan məsullarına məktublar yazaraq qanuni hüququndan istifadə edərək mayın 20-də keçiriləcək imtahanlara qatılması üçün icazə verilməsini istəməsinə baxmayaraq bu baş tutmayıb. Beləliklə azərbaycanlı fəal təhsil hüququndan məhrum edilib.
Qeyd edək ki, İran ETTELAAT məmurları fevralın 12-də azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirinin Təbrizdəki ata evinə hücum edərək onu həbs ediblər. Ruzbeh Pirinin həbsi isə “Sistemə müxalif qruplara üzvlük” ittihamı ilə şərlənərək, 3 il 8 ay həbs cəzasını məhkum edilməsi ilə bağlıdır. Azərbaycanlı fəal bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və təzyiqlərə məruz qalmışdır.
Ruzbeh Piri “Təbriz” tələbə jurnalının baş redaktoru, “Müstəqil Tələbələrin İslam Cəmiyyəti” təşkilatının qurucularından biri və “Sultan Məhəmməd Fateh” kitabının tərcüməçisidir.