Ərdəbildə milli fəall Tohid Əmirəmini ilə görüş keçirilib
Fevralın 11-də Ərdəbil şəhəri və başqa bölgələrdən olan bir qrup mədəni fəal 4 il həbsdən sonra fevralın 10-da azadlığa buraxılan milli fəal və ana dili hərəkatı fəalı Tohid Əmirəmini ilə görüşüblər.
Gunaz.tvQuote | Gunaz article
Tohid Əmirəmini bütün azərbaycanlılardan onun həbsdə olduğu müddətdə ailəsinin yanında olduqları üçün təşəkkür edib.
“Həsdə olduğum müddətdə məni sarsılmağa qoymayan və diri saxlayan milli hüquqlarımızın təmini üçün tutduğumuz yolun haqlı olduğuna inam oldu.
Həbsxana divarları və tikanlı məftillər haqq istəyimizin və milli iradəmizin qarşısında maneə ola bilməz. Onlar bizim kölə olmağımızı istəyirlər. Ancaq biz bunun qarşısında dirəniş göstərərək hüquq və azadlıqlarımıza çatacağımıza inanırıq”,- Əmirəmini bildirib.
Həbsdən çıxan fəalın danışığından sonra Əli Xeyrcu, Siyamək Mirzayi, Nasir Tişə, Əsgr Əkbərzadə və başqa bir neçə milli-mədəni fəal çıxış edib.
Görüşdə ana dili hərəkatı, Güney Azərbaycanda hakim durum, Xoy zəlzələsindən zərər çəkənlərin vəziyyətləri və başqa bu kimi məsələlər müzakirə edilib.
1987-ci ildə Ərdəbilin Anqut kəndində anadan olan azərbaycanlı fəal 21 fevral 2019-cu ildə Tehranın “İnqilab” meydanında “Beynəlxalq Ana Dili Günü” münasibətilə afişalar yaydığı üçün həbs olunub.
Əmir Əmini İnqilab Məhkəməsinin 26 saylı şöbəsində “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq”, “rejimə qarşı təbliğat aparmaq” ittihamları ilə mühakimə olunub.
Birinci ittihama görə Əmir Əmini 7il yarım, ikinci ittihama görə isə 18 ay həbs cəzasına məhkum edilib.
Hakim Əhməd Zərgərin başçılığı ilə Apelliyasiya Məhkəməsinin 36-cı şöbəsində keçirilən iclasda T.Əmir Əmini “rejimə qarşı təbliğat” ittihamından bəraət alıb.
2021-ci ilin aprel ayında 20/04/2020-ci il tarixində təsdiqlənmiş “cəzanın azaldılması qanunu”na əsasən, 7 il 6 ay həbs cəzasının 2 il 6 ayı ləğv edildiyi üçün Əmir Əmininin həbs cəzası 5 ilə endirilib.