Güney Azərbaycan tarixinin qanlı səhifəsi
Güney Azərbaycanın qərb bölgəsində erməni-aysor quldur dəstələrinin yerli əhaliyə hücumu 1918-ci ilin fevralından iyulunadək davam edib
1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımı təkcə Quzey Azərbaycanda deyil, eləcə də Güney Azərbaycanda da həyata keçirilib. Güney Azərbaycanın qərb bölgəsində erməni-aysor quldur dəstələrinin yerli əhaliyə hücumu 1918-ci ilin fevralından iyulunadək davam edib.
1918-ci ilin martında Urmiya və Səlmasda başlanan soyqırımda 10 min nəfərdən çox insan qətlə yetirilib. Bu cinayətləri törədənlər, əsasən, Ermənistandan İrəvan-Naxçıvan-Culfa yolu ilə gəlmiş quldur dəstələri olub.
Alim Əkrəm Rəhimlinin sözlərinə görə, Cənubi Azərbaycanın qərb bölgəsində erməni-aysor birləşmələrinin Urmiyada müsəlman əhalisinə qarşı olan basqını 1918-ci ilin Novruz bayramına iki gün qalmış, axır çərşənbə axşamı baş verib. Həmin gün tarixdə “Qara çərşənbə” kimi tanınır.
Urmiyanı ələ keçirən ermənilər Vaçik Stepanyan adlı qatili baş komandan, Petrosu isə jandarm rəisi təyin etdikdən sonra Novruz bayramı ərəfəsində kütləvi qırğınlara başlayıblar. Vaçik Urmiya əhalisinə səslənərək demişdir ki, 48 saat ərzində şəhərdə olan insanlardan kim silahını könüllü təhvil verməsə, o, axır çərşənbə axşamı evindəcə güllələnəcək. Silah axtarmaq bəhanəsi ilə erməni quldurları evlərə girərək köməksiz qalmış insanları öldürüblər.
20 aprel 1918-ci ildə erməni-aysor qoşunu tərəfindən Səlmas şəhəri və onun mərkəzi sayılan Dilməqan işğal edilərək, yaşayış məntəqəsində olan yüzlərlə ev yandırılıb, minlərlə insan qətlə yetirilib.
Bir müddət keçdikdə Naxçıvan-Culfa-Mərənd yolu ilə erməni əsilli quldur Andronikin başçılığı altında 10 minlik erməni dəstəsi Xoya doğru yollandı. Qatillər əvvəl qeyri-bərabər olan döyüşdə uğur qazansalar da, Xoy ağsaqqalar şurasının məsləhəti ilə müdafiə dəstələrinin yaradılması, şəhərdəki qala darvazalarının bağlanması onların şəhəri müsadirə etmələrinə mane oldu.
Güney Azərbaycanın qərb bölgəsindəki bir çox şəhərlərin ermənilərin əlinə düşməsi xəbərini alan Osmanlı ordusu ilk öncə Urmiyanı, 1918-ci ilin iyun ayının əvvəlində isə Səlmas və Xoyu erməni quldurlarından azad etdi.
Güney Azərbaycanda öldürülən əhali haqqında dəqiq məlumat olmasa da, bir çox mənbələrdə qətlə yetirilən azərbaycanlıların sayının 150 mindən çox olduğu qeyd edilir.