
Hormətli həmvətənlər!
Azərbaycan xalqı üçün noyabr ayının 8 və 9-u, milli şərəf, qürur və dövlətçilik tariximizin əbədiyyətə həkk olunmuş iki möhtəşəm səhifəsidir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və milli suverenliyinin tam təmin olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsinin şanlı zirvəsi olan 8 Noyabr Zəfər Günü, xalqımızın iradəsinin, ordumuzun gücünün və Prezidentimiz cənab ilham Əliyevin simasında dövlətimizin siyasi qətiyyətinin təntənəsidir. Bu gün, yalnız hərbi qələbə deyil, eyni zamanda beynəlxalq hüququn və tarixi ədalətin bərpası günüdür.
Qurtuluş Partiyası olaraq bildiririk ki, 8 Noyabr Zəfəri Azərbaycanın milli birliyinin, strateji diplomatiyasının və hüquqi mövqeyinin qələbəsidir. Bu zəfər, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanan legitim özünümüdafiə hüququnun həyata keçirilməsi ilə beynəlxalq hüquq çərçivəsində əldə olunmuş bir uğurdur. Biz bu günü yalnız bir bayram kimi deyil, həm də gələcək nəsillərə milli iradənin və hüquqi mübarizənin örnəyi kimi təqdim edirik.
9 Noyabr Dövlət Bayrağı Günü isə Zəfərimizin ideoloji və simvolik təcəssümüdür. Üçrəngli bayrağımız, türklüyümüzün, islam mədəniyyətimizin və müasirliyimizin rəmzi bu gün daha uca, daha qürurlu dalğalanır. Bu bayrağ yalnız bir simvol və rəmz deyil, həm də millətin azad yaşamaq iradəsinin, hüquqi dövlət qurmaq əzminin və tarixi varisliyimizin daşıyıcısıdır.
Qurtuluş Partiyası olaraq bəyan edirik:
• Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi danışıqlar mövzusu deyil, hüquqi və tarixi reallıqdır.
• Zəfər Günü və Bayraq Günü milli kimliyimizin, dövlətçilik fəlsəfəmizin və gələcəyə olan strateji baxışımızın ayrılmaz hissəsidir.
• Biz bu günləri yalnız qeyd etmirik, həm də onları milli yaddaşın və hüquqi mübarizənin əsas sütunları kimi qoruyuruq.
• Mübarizələrimizin məqsədi yalnız ərazi bütövlüyünü təmin etmək deyil, Azərbaycan xalqının tam milli və siyasi azadlığına, insan hüquqlarına əsaslanan hüquqi və demokratik cəmiyyətin qurulmasına nail olmaqdır.
Bu gün biz Zəfər Gününü qeyd edərkən, eyni zamanda bütün Türk dünyasına səslənirik: Birlikdə güclüyük, birlikdə azadıq və birlikdə gələcəyik.
Azərbaycan xalqının istiqlal ruhu sarsılmazdır. Bu ruh, yalnız şimaldakı deyil, bütün Azərbaycan torpaqlarında azadlıq işığını yandırmağa davam edəcəkdir.
Bu münasibətlə şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildirir, Azərbaycan xalqını bu iki müqəddəs gün münasibətilə təbrik edirik. Qurtuluş Partiyası olaraq, dövlətimizin güclənməsi, hüququn aliliyi və milli birliyin möhkəmlənməsi naminə fəaliyyətimizi davam etdirəcəyik.
Əbədi Zəfərə və Uca Bayrağa doğru!
Güney Azərbaycan Qurtuluş Partiyasının Başqan yardımcısı və Siyasi Bölüm Başqanı
Əli Eşqi BalaTürk


