Türkiyə Cümhuriyyəti Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğana Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP) Adına Açıq Müraciət
18 Sentyabr 2025
Hörmətli Cənab Prezident Rəcəb Tayyib Ərdoğan,
23 Sentyabr / 1 Mehr / tarixi İranda yeni tədris ilinin başlanğıcıdır. Təəssüf ki, bu tarix Güney Azərbaycanlı milyonlarla məsum uşağımız üçün sevinci yox, milli işgəncə gününü ifadə edir. Özünü İslamın xəlifəsi kimi göstərməyə çalışan bu rejimdə xalqın 70 faizinin ana dilində təhsil haqqı hələ də yasaqlanmış vəziyyətdədir. Digər tərəfdən, Urmu (Urmiyyə) gölü — xalqımızın milli simvolu və bölgənin ekoloji qaynağı — planlı siyasətlər nəticəsində ciddi şəkildə qurudulmuş vəziyyətə düşmüşdür.
Dilimiz və təbii mirasımız üzərindəki bu basqılar yalnız Güney Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün narahatedicidir. Türkiyənin beynəlxalq aləmdəki təsiri və Türk dünyasındakı liderliyi bu kimi məsələlərin qlobal gündəmə gətirilməsində həlledici rol oynaya bilər.
Cənab Prezidentim, biz — Güney Azərbaycan Qurtuluş Partiyası — ali məqamınızdan:
• Güney Azərbaycanlıların ana dilində təhsil haqqını beynəlxalq platformalarda güclü şəkildə müdafiə etmənizi,
• Urmu gölünün qorunması üçün diplomatik təşəbbüsləri sürətləndirmənizi,
• UNESCO, BMT və aidiyyəti beynəlxalq qurumlarla əməkdaşlıq edərək məsələnin təcili və davamlı həlli üçün təzyiq göstərmənizi
xahiş edirik.
Türk dünyasının birliyi yalnız siyasi və iqtisadi əməkdaşlıqla deyil; dilimizin, mədəniyyətimizin və təbii mirasımızın qorunması ilə də mümkündür. Bu səbəbdən Türkiyənin dəstəyi bu gün bizlər üçün həm mənəvi, həm də strateji bir dayaqdır.
Hörmətlə,
Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP)
Başqanı — Eldar Qaradağlı