GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASI (GAQP)

STRATEJİ BİLDİRİ
No: 2026/08-03-SB
Kütləvi Köç Dalğaları, Milli Təhlükəsizlik və Güney Azərbaycanın Gələcəyi
Son günlər Mərakeşdən İspaniyaya yönələn kütləvi insan axını Avropada sərhəd təhlükəsizliyi, dövlət suverenliyi və köç siyasəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirmişdir. Bu olay bir daha göstərdi ki, 21-ci əsrdə kütləvi insan hərəkətləri yalnız sosial və iqtisadi səbəblərlə açıqlana bilməz.
Bir çox durumda bu cür olaylar bölgəsəl savaşların, dövlətlərarası qarşıdurmaların, qanunsuz insan daşıyan mafiya şəbəkələrinin, siyasi yönləndirmələrin və geosiyasi rəqabətin sonucu olaraq ortaya çıxır. Buna görə də çağdaş dünyada kütləvi köç təkcə insanlıq sorunu deyil, eyni zamanda dövlət təhlükəsizliyi və geosiyasi siyasətin də bir parçasına çevrilmişdir.
Bu gerçəklik Güney Azərbaycan üçün də önəmlidir.
Yaxın Şərqdə davam edən savaşlar, dövlət quruluşlarının güc itirməsi, silahlı qrupların ortaya çıxması və bölgədə sürən geosiyasi dəyişikliklər gələcəkdə Güney Azərbaycanın yerləşdiyi coğrafiyada da oxşar risklər yarada bilər.
Tarix göstərir ki, bölgəmiz keçmişdə də çeşidli savaşlar və siyasi böhranlar zamanı kütləvi insan hərəkətləri ilə üzləşmişdir. Bu gəlişmələr yalnız humanitar deyil, eyni zamanda ictimai, iqtisadi və demoqrafik sonuclar doğurmuşdur.
Bu üzdən humanitar ad altında baş verən hər bir kütləvi və nəzarətsiz insan hərəkəti Azərbaycan Türk Millətinin təhlükəsizliyi baxımından diqqətlə dəyərləndirilməlidir.
Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP) inanır ki, hər bir insanın yaşamı, varlığı və hüquqları toxunulmazdır. Savaşdan, zülmdən və basqıdan qaçan insanlara uluslararası hüquq çərçivəsində yardım göstərilməsi bəşəri borcdur.
Bununla yanaşı, hər bir dövlət öz sərhədlərini qorumaq, qanunsuz insan daşıyan örgütlərin qarşısını qanun yolu ilə almaq, demoqrafik tarazlığı və toplumsəl sabitliyi qorumaq hüququna da sahibdir.
GAQP bir daha bildirir ki, heç bir xalq ayrı-ayrı silahlı təşkilatların, terror qruplarının və ya geosiyasi layihələrin məsuliyyəti ilə eyniləşdirilə bilməz.
Kürd xalqı da bölgəmizin qədim xalqlarından biridir. Azərbaycan Türkləri ilə kürdlər arasında əsrlər boyu qonşuluq və birgə yaşayış olmuşdur. Bu tarixi gerçəklik heç bir basqı altında terror qruplarının amacına çevrilməməli, xalqların dinc yaşayışına kölgə salmamalıdır.
Azərbaycan Türk Milləti və onun min illik dövlətçilik gələnəyi hər zaman bütün xalqların eyni hüquqlara dayanaraq yaşamasına imkan vermişdir. Gələcəyin Güney Azərbaycan dövləti də aşağıdakı dövlətçilik ilkələrinə söykənəcəkdir:
- İnsan hüquqlarına və insan ərdəminə sayğı;
- Dövlət sınırlarının kəsin qorunması;
- Qanunun üstünlüyü;
- Qanunsuz və orqanizə kütləvi köçün qarşısının kəsin alınması;
- Demoqrafik gerçəkliyin və toplumsəl dəngənin qorunması;
- Bütün vətəndaşların milli, dini və məzhəbi bağlılıqlarından asılı olmayaraq hüquq bərabərliyinin təmin edilməsi.
Biz inanırıq ki, milli təhlükəsizlik ilə insan hüquqları bir-birinə qarşı deyil. Güclü hüquq dövləti bütün bu dəyərləri birlikdə qoruduğu zaman öz gerçək anlamını tapır.
Bu gün dünyanın müxtəlif bölgələrində yaşanan olaylar göstərir ki, dövlətlər yalnız bugünkü böhranlara deyil, yaxın gələcəyin risklərinə də hazır olmalıdırlar.
Güney Azərbaycan da gələcəyini hüquqa, demokratiyaya, milli birliyə, dövlətçilik düşüncəsinə və bütün vətəndaşların hüquq bərabərliyinə söykənərək qurmalıdır.
Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP)
03 avqust 2026

