

Güney Azərbaycan Milli Hərəkatının Tanınmış Fəalı Taymaz Urmulunun Vəfatı ilə Bağlı Güney Azərbaycan Qurtuluş Partiyasının Bildirisi
Güney Azərbaycanın Urmu şəhərində doğulmuş milli yazar, düşüncə adamı və Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri Taymaz Urmulu ABŞ-ın Virciniya ştatında vəfat etmişdir. Azərbaycan Türk Millətinin azad, müstəqil və ləyaqətli gələcəyinə həsr olunmuş belə dəyərli bir ömrün vaxtsız sona çatması onu tanıyan hər kəsi dərin kədərə bürümüşdür.
Vətəndən uzaqlarda dünyasını dəyişən hər bir vətən övladının itkisi yalnız bir insanın ölümü deyildir. Bu, doğma yurduna qovuşmadan yarım qalmış arzuların, milli mübarizənin və əsarət altında yaşayan bir millətin bitməyən həsrətinin ağrısıdır. Belə itkilər Təbrizdən Urmuya, Marağadan Xoya, Ərdəbildən Zəncana, Qaradağdan Həmədana, Astaradan Kərəcə qədər bütün Güney Azərbaycanın ortaq nisgili və milli yaddaşının acısıdır.
Taymaz Urmulu üçün Güney Azərbaycanın milli qurtuluşu yalnız bir bölgənin azadlığı deyildi. O inanırdı ki, Güney Azərbaycanın istiqlalı Azərbaycan Türk Millətinin danılmaz varlığının dirçəlişi, geniş Avrasiya və Ortadoğu bölgəsində ədalətin, sabitliyin və davamlı barış içində insanca yaşamın sürməsi deməkdir. Onun düşüncəsində milli dövlətçilik yalnız siyasi məqsəd deyil, insanın öz kimliyi, dili və milli iradəsi ilə azad yaşamasının əsas təminatı idi.
Taymaz Urmulunun düşüncə dünyasında Urmu gölü özəl yer tuturdu. Onun üçün Urmu gölü sadəcə bir ekoloji möcüzə deyildi; o, Azərbaycan Türk Millətinin on minilliklərə dayanan milli varlığının və ata yurdunun şah damarı idi. Bu üzdən, Fars rejimi əli ilə Urmu gölünün qurudulmasını təkcə ekoloji faciə deyil, Azərbaycanın milli varlığına və tarixi yurduna qarşı yönəlmiş strateji təhlükə hesab edirdi. O inanırdı ki, Urmu gölünü yaşatmaq Azərbaycanın gələcəyini yaşatmaq deməkdir.
O, ömrünün son anına qədər vətənini, millətini və milli davasını unutmadı. Qürbətdə yaşasa da ruhu daim Güney Azərbaycanda idi.
Taymaz Urmulu Azərbaycan Türk Millətinin qurtuluş yolunun sadiq yolçusu, Güney Azərbaycanın istiqlalının, Bütöv Azərbaycanın və Turan idealının inamlı carçılarından biri kimi yaşayacaqdır.
Bu gün Azərbaycan Türk Milləti yalnız bir yazarı və milli fəalını deyil, ömrünü insanlığa, türklüyə və Azərbaycanın azadlığına həsr etmiş fədakar bir vətən oğlunu itirmişdir.
Lakin insanlar dünyadan köçür, milli ideallar isə yaşayır. Taymaz Urmulunun qələmi susmuş olsa da, düşüncələri, mübarizəsi və azadlıq inancı Azərbaycan Türk Millətinin yaddaşında yaşamaqda davam edəcəkdir.
Yolun yolumuzdur, milli davan ülkümüzdür, əziz Taymaz!
Azərbaycan Türk Millətinin başı sağ olsun!
Güney Azərbaycan Qurtuluş Partiyası
12 iyul 2026
////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
گونئی آزربایجان میللی حرکاتینین تانینمیش فعالی تایماز اورمولونون وفاتی ایله باغلی
گونئی آزربایجان قورتولوش پارتیاسی نین بیلدیریسی
گونئی آزربایجانین اورمو شهرینده دوغولموش میللی یازار، دوشونجه آدامی و آزربایجان میللی حرکاتینین تانینمیش فعاللاریندان بیری تایماز اورمولو آمریکانین ویرجینیا ایالتینده وفات ائتمیشدیر. آزربایجان تورک میللتینین آزاد، مستقل و لیاقتلی گلجه گینه حصر اولونموش بئله ده یرلی بیر عؤمرون واختسیز سونا چاتماسی اونو تانییان هر کسی درین کدره بوروموشدور.
وطندن اوزاقلاردا دونیاسینی دییشن هر بیر وطن اؤولادینین ایتکیسی یالنیز بیر اینسانین اؤلومو دئیلدیر. بو، دوغما یوردونا قوووشمادان یاریم قالمیش آرزولارین، میللی موباریزهنین و اسارت آلتیندا یاشایان بیر میللتین بیتمهین حسرتینین آغریسیدیر. بئله ایتکیلر تبریزدن اورمویا، ماراغادان خویا، اردبیلدن زنجانا، قاراداغدان همدانا، آستارادان کرجه قدر بوتون گونئی آزربایجانین اورتاق نیسگیلی و میللی یادداشینین آجیسیدیر.
تایماز اورمولو اوچون گونئی آزربایجانین میللی قورتولوشو یالنیز بیر بؤلگهنین آزادلیغی دئیلدی. او اینانیردی کی، گونئی آزربایجانین ایستیقلالی آزربایجان تورک میللتی نین دانیلماز وارلیغینین دیرچلیشی، گئنیش آوراسیا و اورتادوغو بؤلگهسینده عدالتین، ثابیتلیگین و داواملی باریش ایچینده اینسانجا یاشامین سورمهسی دئمکدیر. اونون دوشونجهسینده میللی دؤولتچیلیک یالنیز سیاسی مقصد دئیل، اینسانین اؤز کیملیگی، دیلی و میللی ایرادهسی ایله آزاد یاشاماسینین اساس تأمیناتی ایدی.
تایماز اورمولونون دوشونجه دونیاسیندا اورمو گؤلو اؤزل یئر توتوردو. اونون اوچون اورمو گؤلو سادهجه بیر ائکولوژی معجزه دئیلدی؛ او، آزربایجان تورک میللتی نین اون مین ایللیکلره دایانان میللی وارلیغینین و آتا یوردونون شاه داماری ایدی. بو اوزدن، فارس رئژیمی الی ایله اورمو گؤلونون قورودولماسینی تکجه ائکولوژی فاجعه دئیل، آزربایجانین میللی وارلیغینا و تاریخی یوردونا قارشی یؤنلمیش ایستراتئژی تهلوکه حساب ائدیردی. او اینانیردی کی، اورمو گؤلونو یاشاتماق آزربایجانین گله جه گینی یاشاتماق دئمکدیر.
او، عؤمرونون سون آنینا قدر وطنینی، میللتینی و میللی داواسینی اونوتمادی. قوربتده یاشاسا دا روحو دایم گونئی آزربایجاندا ایدی.
تایماز اورمولو آزربایجان تورک میللتی نین قورتولوش یولونون صادق یولچوسو، گونئی آزربایجانین ایستیقلالینین، بوتؤو آزربایجانین و توران ایدهآلی نین ایناملی جارچیلاریندان بیری کیمی یاشایاجاقدیر.
بو گون آزربایجان تورک میللتی یالنیز بیر یازاری و میللی فعالینی دئیل، عؤمرونو اینسانلیغا، تورکلویه و آزربایجانین آزادلیغینا حصر ائتمیش فداکار بیر وطن اوغلونو ایتیرمیشدیر.
لاکین اینسانلار دونیادان کؤچور، میللی ایدهآللار ایسه یاشاییر. تایماز اورمولونون قلمی سوسموش اولسا دا، دوشونجهلری، موباریزهسی و آزادلیق اینانجی آزربایجان تورک میللتینین یادداشیندا یاشاماقدا داوام ائدجکدیر.
یولون یولوموزدور، میللی داوان اولکوموزدور، عزیز تایماز!
آزربایجان تورک میللتی نین باشی ساغ اولسون!
گونئی آزربایجان قورتولوش پارتیاسی
۱۲ ایول ۲۰۲۶

