Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı 31 dekabr
– Dünya Azərbaycanlılarının Həmrəylik Gününü Qutlayır!
LAKİN NECƏ!?
31 DEKABR – DÜNYA AZƏRBAYCAN TÜRKLƏRİNİN QUDSAL BİRLİYİ, BÜTÖV AZƏRBAYCAN BİRLİYİNİN YENİDƏN QURULMASININ BAŞLANĞIC GÜNÜDÜR. BU, MİLLƏTİMİZİN SÖNMƏZ MİLLİ İNAMI, DÖVLƏT BAŞÇILARIMIZIN 1989-CU İLDƏN BƏRİ ARDI-ARDINA DİLƏ GƏTİRDİKLƏRİ MİLLİ BİRLİK SÖZÜDÜR. BU İLİN 31 DEKABR BAYRAMI BAYRAĞIMIZIN AZAD OLMUŞ QUDSAL QARABAĞ SƏMASINDA DALĞALANMASI İLƏ BAM-BAŞQA SEVİNC VƏ QÜRURLA KEÇİRİLİR.
QƏHRƏMAN ORDUMUZA, İGİD ŞƏHİDLƏRİMİZƏ, QAZİLƏRİMİZƏ VƏ ALİ BAŞ KOMANDANIMIZA ŞÜKRAN BORCUMUZLA!
BU GÜNÜN ETİBARI İLƏ DESƏK 31 DEKABR YƏNİ:
BİR MİLLƏT – 50 MİLYONLUQ AZƏRBAYCAN TÜRK MİLLƏTİ,
BİR DÖVLƏT – AZƏRBAYCAN RESPUBLİKASI,
BİR BAYRAQ – AY-ULDUZLU GÖY-AL-YAŞIL,
BİR PREZİDENT – İLHAM ƏLİYEV CƏNABLARI
Bu tablonun obyektiv önünün açılışı üçün hansı ön başlıqlar gərəkir?
- 40 milyon soydaşımızın İran farsçı faşizmin qarşısında əliyalın ölüm-dirim mücadiləsi 50 milyonluq Azərbaycan davasıdır. Bu davada dövlət və millətcə ortaq olmaq gərəkir. Güneyin qurtuluşu uğrunda ”Azərbaycan Milli Hərəkatı Fondunun” yaranması ən önəmli ilkin addımdır.
- Azərbaycan Milli Hərəkatının igid gənclərinin farsçı-şuubi dustaqlarda boğulan səslərinin səsi, uşaqlarının ağlar gözlərinin, ac qarınlarının mərhəmi olmaq Güneyin ən acil istəyidir. Özünü dövlətin və millətin bir parçası sanan kimsə əlini daşın altına qoymalıdır.
- İrqçı rejimin basqıları üzündən illər boyu həbs çəkmiş, işkəncə görmüş, ən ilkin milli-insani haqlarını itirmiş, işini-malını, can əmniyyətini qasib rejimə uduzmuş və sonunda yaşam savaşı vermək üçün Vətənin quzeyinə və Türkiyəyə üz tutmuş yüzlərlə Azərbaycan fədaisi Türk ailə, BMT qanunlarının çox aşağısında əzgin durumda ömür sürürlər. İki dövlətimiz – özəlliklə öz bə öz Azərbaycan dövləti igid övladlarına canla-ruhla yiyələnməlidir. Bu onların ən doğal haqqıdır. Yox,”biz hələ bir millət-dövlət kimi sübyektiv və ruhsəl birlikdə deyilik” deyilərsə, onda Güneyli igidlərimizin taleyini ən azından buraxmaq gərəkir. Halbuki, ilgili dövlət orqanlarının insani və humanitar məsələlərdə vicdanlı davranışı dövlət və millət üçün ən önəmli qazancdır.
- Bir millət, bir dövlət, bir bayraq və bir prezinet sahibi olmaq uğrunda 50 milyonluq milli düşüncə tərzində telekanal , media və vahid propaqanda şəbəkəsi yola salmaq gərəkir. Bu Azərbaycan Respublikası dövləti üçün ən az həzinə ilə başa gələndi. Belə kiçik proyektlər üçün günümüzün güclü, başı uca Azərbaycan dövlətinin mənəvi və siyasi iradəsi yetərlidir. Belə gərəkli iradənin həyata keçirilməsilə təkcə Güneyin səsinin ucalması deyil, Tehranın şuubi Səhər kanalının da zəhər saçmasına yetərli cavab imkanı açılacaqdır.
- Başda Azərbaycan Milli Hərəkatı olmaqla, Güney Azərbaycan milli-siyasi qurumlarına doğma gözlə baxmaq, onların savaşını özününkü bilmək gərəkir. Onların madi-mənəvi yardımına qoşmaq həmrəylik anlamına gəlir. Həmrəylik quru təbriklə deyil, evində oturub hobbi olsun deyə savaşçılara yaşasın deməklə onların ailəsinin qarnı doymaz! Cəsarət ilə mali paylaşmaq həmrəylik deməkdir. Şuarda deyil, əməldə dayanışma sağlanmalıdır.
- Diaspora təşkilatlarının iş birliyi Azərbaycan Türk Millətinin və dövlətinin dünyada tanınması üçün ən önəmli işlərdən biridir. Qeyri-hökumət və ya sivil qurumların millətlər arasında nüfuz dairəsi çox genişdir. Dünya Azərbaycanlılarının həmrəyliyi əsl anlamda milli dərnəklərin, assosiasiyaların, federasiyaların və bu kimi dünya çapında vahid proyekt üzərində sistemləşmiş birgəliklərin hərəkatından doğarsa daha etkili və sürəkli olacaqdır.
Belə ön şərtlərin həl olunması ilə dünya Azərbaycanlılarının birliyi və milli həmrəyliyi əsl obyektivlik qazanacaqdır. O günlərin diləyi ilə
Yaşasın Əlli Milyonluq Millətimiz və Dövlətimiz!
Yaşasın 31 Dekabr – Milli Birlik və Həmrəyliyimiz!
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı
2023/12/28