
Güney Azərbaycan Qurtuluş Partiyası milli mübarizənin müxtəlif mərhələlərində olduğu kimi, son illərdə də Güney Azərbaycanın siyasi təşkilatları arasında birlik, qarşılıqlı anlaşma və ortaq milli fəaliyyət zəmininin yaradılmasını mühüm siyasi zərurət hesab etmişdir.
Məhz bu yanaşmadan çıxış edərək Partiyamız iki il öncə Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının, “GATƏŞ”-in formalaşmasını milli qüvvələr arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün bir fürsət kimi dəyərləndirmiş və Şuranın yaradılmasında səmimi niyyətlə iştirak etmişdir.
Bu müddət ərzində Qurtuluş Partiyası təşkilatlar arasında mövcud fikir ayrılıqlarının dialoq yolu ilə aradan qaldırılmasına, ortaq milli mənafelərin ön plana çıxarılmasına və Azərbaycan Türk Millətinin gələcəyi naminə mümkün qədər geniş və sağlam siyasi əməkdaşlıq mühitinin yaradılmasına çalışmışdır.
Biz birlik naminə səbir göstərmiş, fikir ayrılıqlarının qarşıdurmaya çevrilməməsi üçün məsuliyyətli davranmış və problemlərin Şura daxilində həllinə üstünlük vermişik.
Lakin son dövrdə baş verən proseslər göstərmişdir ki, artıq söhbət yalnız taktiki və ya təşkilati fikir ayrılıqlarından deyil, Güney Azərbaycanın gələcəyi ilə bağlı fundamental siyasi prinsiplərdən gedir. Güney Azərbaycan Qurtuluş Partiyası üçün bəzi məsələlər müzakirə predmeti deyil, milli mübarizəmizin dəyişməz siyasi qırmızı xətləridir. Partiyamız Azərbaycan Türk Millətinin milli iradəsini, milli istiqlal məfkurəsini və öz gələcəyini sərbəst müəyyən etmək haqqını hər hansı siyasi münasibətin üstündə tutur.
Biz Güney Azərbaycanın gələcəyinin İran mərkəzli siyasi layihələrə tabe etdirilməsini qəbul etmirik. İranı dəyişməz və bölünməz siyasi çərçivə kimi qəbul edən, Güney Azərbaycanın gələcəyini Tehran mərkəzli siyasi sistem daxilində müəyyənləşdirməyə çalışan İranşəhri və fars-mərkəzli siyasi düşüncə və layihələrlə ortaq siyasi yol yürüməyimiz mümkün deyildir.
Eyni zamanda, Azərbaycan Türk Millətinin milli iradəsi və açıq mandatı olmadan onun gələcəyi haqqında digər etnik-siyasi, silahlı və ya regional qüvvələrlə millət adından siyasi müzakirə, anlaşma və sövdələşmələrin aparılmasını doğru hesab etmirik.
Federalizm də daxil olmaqla, Güney Azərbaycanın milli istiqlal və dövlətçilik iradəsini İran mərkəzli siyasi layihələr daxilində məhdudlaşdıran modellər Qurtuluş Partiyasının siyasi xətti ilə uzlaşmır. Bizim üçün hər hansı təşkilat, şura, koalisiya və ya müvəqqəti siyasi əməkdaşlıq milli mənafedən daha üstün ola bilməz.
Son dövrdə Şuranın bəzi üzvləri tərəfindən həyata keçirilən və Partiyamızın siyasi prinsipləri ilə uzlaşmayan fəaliyyətlərlə bağlı narahatlığımızı GATƏŞ daxilində dəfələrlə açıq şəkildə ifadə etmişik.
Bununla belə, edilən xəbərdarlıqlara baxmayaraq, bu fundamental məsələlər üzrə ortaq və bağlayıcı siyasi çərçivənin formalaşdırılması mümkün olmamışdır. Nəticədə Şuranın öz üzvləri arasında müəyyən edilmiş siyasi prinsipləri qorumaq, ortaq mövqe yaratmaq və qəbul edilən qərarların siyasi çəkisini təmin etmək imkanlarının ciddi şəkildə zəiflədiyi qənaətinə gəlmişik.
Belə bir şəraitdə yalnız formal birlik görüntüsünü qorumaq naminə təməl fikir ayrılıqlarını görməzdən gəlmək nə siyasi əxlaqımıza, nə təşkilati məsuliyyətimizə, nə də Türk Millətinə verdiyimiz sözə uyğun deyildi.
Güney Azərbaycan Qurtuluş Partiyası uzun illər ərzində Azərbaycan Türk Millətinin etimadını, inamını və siyasi rəğbətini qazanmağı özünün ən böyük mənəvi-siyasi sərmayələrindən biri hesab edir. Bu etimad hər bir siyasi ittifaqdan, şuradan və ya müvəqqəti təşkilati münasibətdən daha qiymətlidir.
Buna görə də Güney Azərbaycan Qurtuluş Partiyası bütün siyasi və milli məsuliyyətini nəzərə alaraq bəyan edir ki:
Güney Azərbaycan Qurtuluş Partiyası bu bəyanatın elan edildiyi tarixdən etibarən Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasındakı “GATƏŞ” üzvlüyünə qəti şəkildə son verir və Şuranın tərkibindən ayrılır.
Bu qərar hər hansı şəxsə və ya təşkilata qarşı düşmənçilik, şəxsi qarşıdurma və yaxud keçmiş əməkdaşlıqların inkarı kimi qiymətləndirilməməlidir.
Bizim ayrılığımız şəxslərlə və təşkilatlarla qarşıdurmanın deyil, siyasi prinsiplərimizin, milli qırmızı xətlərimizin və Türk Milləti qarşısındakı məsuliyyətimizin nəticəsidir.
Eyni zamanda Güney Azərbaycan Qurtuluş Partiyası açıq şəkildə bildirir ki, bu açıqlamanın qüvvəyə mindiyi tarixdən sonra GATƏŞ, yaxud onun tərkibində fəaliyyət göstərən siyasi təşkilat və partiyalar tərəfindən Partiyamızın ayrıca və açıq razılığı olmadan qəbul edilən heç bir qərar, bəyanat, siyasi mövqe, razılaşma və fəaliyyət Güney Azərbaycan Qurtuluş Partiyasını təmsil etmir və Partiyamız üçün siyasi və təşkilati sorumluluq yaratmır. Belə qərar və fəaliyyətlərə görə Güney Azərbaycan Qurtuluş Partiyası heç bir siyasi və təşkilati məsuliyyət daşımır. Xalqımızdan və bütün Azərbaycan Türk Millətindən bu xüsusun bundan sonrakı siyasi proseslərin qiymətləndirilməsi zamanı nəzərə alınmasını xahiş edirik.
Bununla yanaşı, GATƏŞ-dən ayrılmağımız Güney Azərbaycanın milli qüvvələri ilə əməkdaşlıq qapılarımızın bağlanması demək deyildir. Əksinə, Güney Azərbaycanın milli istiqlalı, Azərbaycan Türk Millətinin öz müqəddəratını sərbəst müəyyən etməsi, milli dövlətçilik və ortaq milli mənafelər əsasında fəaliyyət göstərən bütün sağlam milli qüvvələrlə qarşılıqlı hörmət və bərabərlik prinsipi əsasında əməkdaşlığa açıq olduğumuzu bir daha bəyan edirik.
Bizim siyasi yolumuz aydındır.
Heç bir taktiki ittifaq milli istiqlal məfkurəmizdən üstün deyildir.
Heç bir siyasi münasibət Türk Millətinin iradəsindən üstün deyildir.
Heç bir təşkilati birlik milli məsuliyyətimizi əvəz edə bilməz.
Güney Azərbaycan Qurtuluş Partiyası bundan sonra da olduğu kimi, bütün siyasi gücü və məsuliyyəti ilə Azərbaycan Türk Millətinin yanında dayanacaq, onun milli hüquqlarını, istiqlal iradəsini və milli dövlətçilik məfkurəsini və Azadlıq, Ədalət, Milli Hükumət devizini müdafiə etməyə davam edəcəkdir.
Bizim tərəfimiz bəllidir: Azərbaycan Türk Millətinin tərəfi.
Bizim yolumuz bəllidir: milli istiqlal və milli dövlətçilik yolu.
Bizim məsuliyyətimiz bəllidir: millətimiz qarşısındakı tarixi məsuliyyət.
Tarix qarşısında mövqeyimizi aydın şəkildə bəyan edir və bu qərarın Güney Azərbaycanın milli hərəkatımızın gələcəyinə olan məsuliyyətimizin nəticəsi olduğunu Türk Millətinin diqqətinə çatdırırıq.
Yaşasın Azərbaycan Türk Millətinin milli iradəsi! Yaşasın milli istiqlal və dövlətçilik məfkurəsi!
Azadlıq, Ədalət, Milli hükumət
Güney Azərbaycan Qurtuluş Partiyası
Siyasi Bölüm Başqanı Əli Eşqi BalaTürk
31.10.2026



