27 Sentyabr, Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış gündür. Bu gün, Vətən müharibəsinin ilk addımı atıldığı, torpağın səsi ilə şəhidlərin ruhunun birləşdiyi gündür. Qurtuluş Partiyası olaraq, bu müqəddəs tarixdə Azərbaycan xalqının ağrısını, qürurunu və iradəsini dərin ehtiramla paylaşırıq.
44 günlük Vətən müharibəsi yalnız bir hərbi zəfər deyildi. Bu, milli ruhun dirçəlişi, ədalətin bərpası və tarixə verilən cavab idi. Şəhidlərimizin qanı ilə yazılan bu qürur dastanı, bütün Türk dünyasının yaddaşına həkk olunmuşdur.
Biz, Qurtuluş Partiyası olaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizəni bir millətin haqq səsi kimi qəbul edir, bu səsi öz siyasi və mənəvi platformamızda yaşadırıq. Urmu gölünün sahilindən Xarıbülbülün diyarına qədər, Qaşqay yurdundan Dərbəndə qədər, Xorasan Türklərindən Barçalıya qədər, Doğu Türküstandan Zəngəzura qədər biz birik, biz bərabərik, biz qardaşıq.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın göstərdiyi strateji iradə, diplomatik çeviklik və hərbi güc, bölgədə yeni bir tarazlıq yaratdı. Bu iradəni alqışlayır, sülh və sabitlik naminə atılan addımları dəstəkləyirik.
Bu Anım Günündə, şəhidlərin ruhu qarşısında baş əyir, qazilərə şəfa, ailələrinə səbir diləyirik. Azərbaycanın bayrağı harada dalğalanırsa, orada bizim də qəlbimiz döyünür.
Qurtuluş Partiyası adından Bir millət, bir ruh, bir qurtuluş!
Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP)
Başqan müavini və Siyasi bölmənin başqanı: Əli Eşqi BalaTürk
27.09.2025